Almaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu
Almaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
- Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
- Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
- Şəxsiyyət vəsiqənizin surəti
- İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
- Elektron hökümət portalından iş yeri ilə bağlı arayış*
- Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
- Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
- Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
- 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
- Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
- Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
- Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
- İngilis dilində doldurulmuş ərizə forması
- Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
- Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri ingilis dilinə tərcümə edilərək səfirliyə təqdim olunmalıdır. Tərcümənin notarial qaydada təsdiq olunmasına isə ehtiyac yoxdur, sadəcə tərcümənin olması Almaniya səfirliyi üçün yetərlidir.
Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Almaniya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.
Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.
Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.
Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini ingilis dilinə tərcümə etdirməlisiniz.
Viza Proseduru
Almaniya Şengen vizası üçün müraciət Almaniya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Almaniya səfirliyinin konsulluq şöbəsində, konsul tərəfindən verilir.
Sənədləri təqdim etmək üçün yalnız 8:30-12:00 aralığında müraciət edilirsə əvvəlcədən görüş təyini tələb olunmur, müraciətçi canlı növbədə dayanmaqla sənədlərini viza müraciəti üçün təqdim edə bilir. Saat 12:00-dan sonrakı müraciətlər üçün isə əvvəlcədən onlayn sistemdən viza görüşü təyin edilməlidir.
Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə etibarnamə verməlidir və bu etibarnamə formasını Visametric saytından əldə etmək mümkündür.
Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:
- Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
- 12 yaşdan aşağı uşaqlar
- Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
- Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
- Almaniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)
Almaniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 iş günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.
Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 25 avro (47 AZN) viza mərkəzinin xidmət haqqı ödənilir. Bu ödənişi həm nəğd şəkildə yalnız manatla, həm də kartla ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.